El arasında [Əli Hüseynov ə] (fb2) читать онлайн

- El arasında 143 Кб, 13с. скачать: (fb2)  читать: (полностью) - (постранично) - Əli Hüseynov ə

 [Настройки текста]  [Cбросить фильтры]


Əli Seyid Müseyib oğlu Hüseynov (Mirzadə) 1929-cu ilin avqust ayında Laçın rayonunun Alıqulu kəndində anadan olmuşdur.

Hələ 9 yaşında olanda, atası – Mirzadə Seyid Müseyib Seyid Hüseyn oğlu siyasi fəaliyyətlərinə görə həbs olunaraq 8 il müddətinə sürgünə göndərilmiş və ondan bir daha xəbər alınmamışdır.


Uşaqlığı çox çətin keçsə də, təhsil almaq üçün əlindən gələni etmişdir.

1-ci sinifi Ağcabədi rayonun 3-cü Parax qəsəbəsində, 2-7-ci sinifləri Laçın raynonun Pircahan kənd məktəbində, 7-10-cu sinifləri isə Laçın şəhər məktəbində oxuyub bitirən Əli Hüseynov 1949-cu ildə Azərbaycan Neft Kimya İnstutunun (AZİ) Neft-Mexanika fakültəsinə qəbul olunmuşdur.

İnstutun 1-ci kursunu bitirsə də, təhsilinə davam edə bilməmiş və institutu tərk etməyə məcbur olmuşdur.


1950-ci ildə hərbçi olmaq həvəsi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Tbilisi Hərbi Artilleriya məktəbinə daxil olmuşdur.

Burada 2 il hərbi təhsil alan Əli Hüseynov, atasının siyasi fəaliyyətə görə həbs olunduğu bəhanə gətirilərək təhsilini yarım buraxmağa məcbur edilmişdir.


1953-cü ildə Bakıya qayıdan Əli Hüseynov məcburi hərbi xidmətə çağrılmış və Bakı şəhəridə yerləşən Azərbaycan divizyasında (AzDiviziya) hərbi xidmətə başlamışdır.

Burada serjant rütbəsi ilə 3 il müddətində hərbi xidmət keçmiş və 1956-cı ildə tərxis olunmuşdur.

1956-cı ildə doğma yurduna qayıdan Əli Hüseynov 1969-cu ilə qədər öz kolxozlarında briqadir, təftiş komissiyasının sədri vəzifələrində çalışmışdır.

Çalışdığı illərdə fərdi məsuliyyəti və ədalətli qərarları ilə qədirbilən xalqının hörmətini qazanmışdır.


01 oktyabr 1969-cu il tarixində Əli Hüseynov Laçın rayon Rabitə Qovşağının Pircahan kənd Rabitə Şöbəsinə rəis təyin olunur. Rabitə şöbəsinin rəisi işlədiyi 23 il ərzində rayonun və Azərbaycanın ən qabaqcıl rabitə şöbə rəislərindən biri olmuş, yükəsk xidməti Azərbaycan və SSRİ rabitə nazirlikləri tərəfindən hər il keçici bayraq və müxtəlif orden və medallarla təltif olunmuşdur.


Hərbi nizam-intizamı və qanunları yaxşı bilən Əli Hüseynov Pircahan kənd rabitə şöbəsinin rəisi işlədiyi illərdə, 3 il ərzində OADKYC (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti)-nin tərkibində hərbi hazırlıq müəllimi vəzifəsində işləmiş və bu illərdə Pircahan və Təzəkənd sovetliyində hərbi xidmətdən möhlət almış gənclərə hərbi hazırlıq dərsi keçmişdir.


Əli Hüseynovun əməyi təkcə rəhbərlik tərəfindən yox, Pircahan sovetliyi və yaxın kəndlərin əhalisi tərəfindən də həmişə yüksək qiymətləndirilmişdir.

Ədalətli və prinsipial xarakteri, Əli Hüseynovu sevilən və sayılan bir el ağsaqqalına çevirmişdir.

Əli Hüseynov doğma yurdunun düşmən tərəfindən işğal olunduğu 17 may 1992-ci il tarixinə qədər Pircahan kənd Rabitə Şöbəsinin rəisi vəzifəsində işləmişdir.

Əli Seyid Müseyib oğlu Hüseynov (Mirzadə)4 noyabr 2019-cu il tarixində, doğma yurdunun həsrəti ilə, Sumqayıt şəhərində vəfat etmişdir.

Doğma yurdu Laçının, düşmən tərəfindən işğalı, Əli Hüseynovu dərindən yaralamış və beləliklə onu öz hisslərini şeirlərə əks etditməyə vadar etmişdir.

O, şeirlərini Seyid təxəllüsü ilə qələmə almışdır.

Bu kitabda, Əli Hüseynovun 1992-ci ildən bəri yurd həsrəti ilə qələmə aldığı şeirlərinin bir hissəsi toplanmışdır.


Dağlarda


Dostlar, ürəyimdə arzularım var,

Cəsur qartal olub uçam dağlara,

Qıy vuram, hay salam dərələrində,

Zirvədən zirvəyə keçəm dağlarda.


Daşlardan süzülən sərin bulağı,

Qoyunlu, quzulu, güllü yaylağı,

Xəstənin dərmanı çiçəklərini,

Birbəbir arayıb, seçəm dağlarda.


Çıxam dağ döşünə, kəkotu dərəm,

Əvəlik xörüyün ip üstə sərəm,

Dəstə cincilimi, qırxbuğumunu,

Dəstə-dəstə tutub, biçəm dağlarda.


Alması, armudu cürbəcür barı,

Qaymaqçiçəyində balın nübarı,

Yağı torpağında, düşmən əlində,

Qalmasın pətəyim, beçəm dağlarda.


Yaşıl meşələrlə, gen dərələrlə,

Burula-burula çeşmədən gələn,

“Xəzəltökülənin” billur suyundan,

Əyilib doyunca içəm dağlarda.


Torpağım ağlayır, daşım ağlayır,

Gözümdən süzülən yaşım ağlayır,

Əziz simsarların nurlu məzarı,

Bilirsiz qalıbdır neçəm dağlarda.


Seyid intizarda, ürək dardadır,

Xəyalım dağlarda, o diyardadır,

Axirət evinə, haqq dünyasına,

Yaşayam dağlarda, köçəm dağlarda.


Dağlar


Qar əliyər, çovğun vurar,

Maralların boynun burar,

Duman gələr, dəsgah qurar,

Amansızdır üzün, dağlar.


Qışda gül, nərgizin bitməz,

Zirvən uca, əlim yetməz,

El yeriməz, karvan getməz,

Kəsilər yol, izin, dağlar.


Kəkliklərin qara qonar,

Heç bilməzsən hara qonar,

Nə canlı, cansızı qanar,

Murovun, Qırx-Qızın, dağlar.


Havaların bəyazlaşa,

Qar əriyə, çaylar daşa,

Göldə sonan qaqqıldaşa,

Gəlib görrəm özüm, dağlar.


Seyid sizdən ayrı düşdü,

Sızlamaqdan bağrı bişdi,

Bu nə zülüm, bu nə işdir,

Qan ağlayır gözüm, dağlar.


Laçın


Adın bəlli oldu bütün dünyada,

Heyif, vüqarından yenildin Laçın.

İgidlər qorumuş səni hər zaman,

Satqınlar feli ilə verildin Laçın.


Əzəl satılmışdı şah Qaragölün,

Heç kim inanmazdı satılar elin,

Ayağı altına fitnənin, felin,

Cındır palaz kimi sərildin Laçın.


Varı-dövlətindən əl çəkdi xalqın,

Zəngin sərvətindən əl çəkdi xalqın,

Gözəl nemətindən əl çəkdi xalqın,

Dəyməmiş meyvə tək dərildin Laçın.


Seyid ədalətnən nəzm elə barı,

Qurd quzudan dayanmışdı yuxarı,

El gözüdü, yaxşı görür onları,

Yaxşılar pis kimi göründü Laçın.


Laçından olmuşuq


Eşidin ariflər, bilsin el-oba,

Laçın kimi cənnət cahandan olmuşuq,

Yaşıl meşə, sərin sular, təmiz hava,

Ətir saçan gözəl məkandan olmuşuq.


Sərt qayalar, uca dağlar, zirvəsi qar,

Güneyləri, quzeyləri axar-baxar,

Çiçəyində min bir dərdin dərmanı var,

Dərd sağaldan həkim, loğmandan olmuşuq.


Şır-şır axan dərələri, çayları var,

Dürlü-dürlü, fəsilləri, ayları var,

Gur ovası, hayları, harayları var,

Çal-çağırlı haydan, haraydan olmuşuq.


Talan oldu elimizin dövlət, varı,

Yurdda qaldı böyük-böyük intizarı,

Qan ağlayır əzizlərin məzarları,

Nurlu-nurlu, gordan, məzardan olmuşuq.


Seyid yazır dərdimizi tamam, yarı,

Fil də çəkməz çəkdiyimiz bu azarı,

İtirmişik allı-güllü bir baharı,

Bar-bəhərli yaydan, bahardan olmuşuq.


Seyid Həmidin vətənisən Əliqulu


Hər yanı dərəli, dağlı meşələr,

Seyid Həmidin vətənisən Əliqulu.

Əlinin qulusan, ən qədim eli,

Seyid Həmidin vətənisən Əliqulu.


Babamız Əli də burdan keçibdir,

Sərin bulağının suyun içibdir,

Səndən ötüb keçir Dül-Dülün yolu,

Seyid Həmidin vətənidir Əliqulu.


Hər tərəfdə uca zirvələrin var,

Səndən ilham alıb ucalanıblar,

Dağında daşında nişangah dolu,

Seyid Həmidin vətənidir Əliqulu.


Mirəyal, Çalqaya, Yunusun dağı,

Daşbulaq üstündə qonaq yığnağı,

Söz deyib yazanla doludur dolu,

Seyid Həmidin vətənidir Əliqulu.


Müseyib düzünün qənşəri Çimən,

Qışı ağ çiçəkli, yazı yasəmən,

Əlvan çiçək açır hər meyvə gülü,

Seyid Həmidin vətənidir Əliqulu.


Sərin bulaqların bahar bağların,

Bitkiyə can verir, çoxaldır barın,

Bəhrəli bağların meyvəsi dolu,

Seyid Həmidin vətənidir Əliqulu.


Tufana qərq olmuş bəlalı başın,

Dağılmış, daş üstə qalmamış daşın,

Keşmə-keşli olur tarixin yolu,

Seyid Həmidin vətənidir Əliqulu.


Tarixdir yaradan qəhrəmanları,

Kişili, qadınlı igid canları,

Dünya xalı deyil, yenə də olu,

Seyid Həmidin vətənidir Əliqulu.


Yazırsan yaz, düzünü yaz


Qələm tutub şeir, əsər yazan dostum,

Yazırsan yaz, düzünü yaz.

Nəyə lazım sən yazdığın o əyrilər,

İstəyirsən o əyrinin yüzünü yaz,

Yazırsan yaz, düzünü yaz.


Ağız boşdu, dil yumuşaq,

Söz tökülür qucaq-qucaq,

Yaman gəlir, yaxşı gəlir,

Yamanın yox, yaxşıların sözünü yaz,

Yazırsan yaz, düzünü yaz.


Çox danışan, az iş görər,

Nəsihətdir babalardan, dədələrdən,

Çox danışıq çiy kərpicdir,

Çox uzaqdır bünövrədən,

Az danışıb iş görənin özünü yaz,

Yazırsan yaz, düzünü yaz.


İl dolanır, ay dolanır, gün keçir,

Yaman, yaxşı özünə bir yol seçir,

O yolları yaxşı ara, yaxşı tap,

Yamanların izini yaz,

Yazırsan yaz, düzünü yaz.


Seyid hər vaxt düzü istər,

Sürtülməmiş, sırtılmamış üzü istər,

Düz deyilən sözü istər,

Düz deyənin, düz baxanın gözünü yaz,

Yazırsan yaz, düzünü yaz.


İstə


Seyid dərmanını Xudadan istə,

Namərd dərman bilsə, dərd ala bilməz,

Bəxti qanad açıb, göylərə uçsa,

İgid nərə minər, nər dala minməz.


“Cəhd, çarıq yırtar” – atalar demiş,

Ancaq zəka da var, cəsarət də var,

Tənbəl yatmaqnan heç nə görməmiş,

Bəxti beş gətirsə, dörd ala bilməz.


İnsan qazancının biri qismətdir,

Zəlili olsa da varın, dövlətin,

Mərdin gözəlliyi abır, ismətdir,

Namərd alan adı, mərd ala bilməz.


Seyid hər vaxt deyər sözün düzünü,

Mərdin adın eşit, görmə üzünü,

İlahi bəxş edən halal ruzini,

Vəhşi ala bilməz, qurd ala bilməz.


Gəlmişəm


Fələk məni imtahana çəkmisən,

Fəndlərini seçə-seçə gəlmişəm,

Yollarımda qanqal, tikan əkmisən,

Tikanları biçə-biçə gəlmişəm.


Əzəl gündən zəhər qatdın aşıma,

Tərpənəndə daş yağdırdın başıma,

Divar hördün, sədd düzəltdin qarşıma,

Sədlərini keçə-keçə gəlmişəm.


Bu dünyanı cənnət, behişt sanmışam,

Haqq yolunda alışmışam, yanmışam,

Pərvanətək yanan şam atəşinə,

Qalanmışam yanar peçə gəlmişəm.


Kim tərk edər vətənini, elini,

Heç kim bilməz çərxi-fələk dilini,

Gör nə gündü ulusunu, pirini,

Unudaraq qaça-qaça, gəlmişəm.


Səfər üstə hey kəsirsən yolumu,

Bağlayırsan əllərimi, qolumu,

Azaldırsan aylarımı, ilimi,

Ömür verib heçdən-heçə gəlmişəm.


Seyid gileylənmə çərxi-fələkdən,

Kim qurtarıb bu qovğadan, kələkdən,

Şələlənib qəm yükünü dəmadəm,

Yurddan yurda köçə-köçə gəlmişəm.


El arasında


Arifi axtarsan diyarbadiyar,

Tapmarsan dağ ilə çöl arasında,

Söhbətini dinlə, sözünü eşit,

Yəqin ki tapılar el arasında.


Elə ağac ək ki, bəhər, bar olsun,

Elə gül becər ki, laləzar olsun,

Diqqətlə baxanda gözə görünər,

Qanqal çiçək açsa, gül arasında.


Yoldaş olma namərd ilə, bic ilə,

Ədalətsiz ad qazanmaz güc ilə,

Şirrini danışma satqına, gicə,

Qoy qalsın dodaqla dil arasında.


Təmiz adın ilə yaşa dünyada,

Təmizlik, halallıq qoşa dünyada,

Halal zəhmətinlə qazandığını,

Bölüşdür ayaqla, əl arasında.


Seyraqubla dostluq etmə heç zaman,

Xain çıxar, onda düz ilqar olmaz,

Yaxşı dostlar ilə otur, dur müdəm,

Yaşa arasında, öl arasında.


Seyid sirdaş olma əyrilərlə sən,

Əyrinin axırın əyri görərsən,

Ata öyüdünə əməl etməsən,

Qalarsan onların bil, arasında.


Olandadır


Çox ibadət eylə ağlı cəm insan,


Ədalət Allaha qul olandadır,


Ləl ilə doldurma təmiz kisəni,


Zəlillik altuna qul olandadır.

Fikri zəkasıyla yeni dövr açan,


Səmaya yüksəlib, ulduza uçan,


Nurlu səhərləri göylərdə açan,


Allahı üstündə yar olandadır.

Allahla bağlıdır külli-kainat,


Yaxşıya, yamana bəxş edib həyat,


Allah vergisiylə tapılan nicat,


Halal zəhmətiylə var olandadır.

Yarasa görməyir işıqda heç nə,


Məgər onu bilmir aqil kimsənə,


Allahın adına deyilən tənə,


Şuuru, zəkası kəm olandadır.

Seyid həqiqətin, haqqın tərəfi,


Peyqəmbər övladı, Əli xələfi,


Məzəmmət etməyə hər naxələfi,


Cismində insanlıq var olandadır.


Qurban


Azadlıq carçısı, ədalət kanı,

Seyid harayına, hayına qurban,

Yazdığın sətirlər, dediyin sözlər,

Xırdaca da olsa, payına qurban.


Allahın hökmü ilə yaranan dünya,

Can verib yaradan, yaşadan dünya,

Üstündə yaranmış, dolanan dünya,

Qışına, yayına, yazına qurban.


Lərzəyə gətirən çölü, səhranı,

Nuruna qərq edən bütün dünyanı,

Torpağa can verən bahar zamanı,

Günəşinə qurban, ayına qurban.


Qeybinnən qaynayıb, coşan suları,

Yerindən kükrəyib, daşan suları,

Axarın itirib, çaşan suları,

Özündə cəmləyən çayına qurban.


Yazın yağış verir, yayın da barı,

Payızın küləyi, qışın da qarı,

Bəzən qeyzə gəlib, pozub ilqarı,

Dərdlini oynadan toyuna qurban.


Seyid yaxşı olur dostun salamı,

Aqilin söhbəti, aqil kəlamı,

Yaddan çıxarmayan ali-əbanı,

Millətinə qurban, soyuna qurban.


Səs verirəm


Mən Əliyəm, azadlığa, ədalətə səs verirəm,

Səxavətə, ibadətə səs verirəm,

Bar, bəhərli Azərbaycan torpağına səs verirəm,

Sülh məramlı qonağına səs verirəm.


Seyidlər, övlüyalar diyarına səs verirəm,

Yaya, qışa, baharına səs verirəm,

Laçınımın şabalıdı torpağına səs verirəm,

Xoş günlərə, növrağına səs verirəm.


Laçınımın çaylarının nərəsinə səs verirəm,

Yamacına, dərəsinə səs verirəm.

Laçınımın yaşıl, zümrüd meşəsinə səs verirəm,

Xalq deyənin neçəsinə, neçəsinə səs verirəm.


Laçınımın dağlarının bulağına səs verirəm,

Azadlığa çağıranın ürəyinə, qulağına səs verirəm.

Qoy eşitsin bütün dünya,

Azadlığın müjdəçisi, memarına səs verirəm.

Məhəmməd Əmin diyarına səs verirəm.


Doğulmadım yemək üçün


Doğulmadım yemək üçün,

Kimlərinsə sifarişi, xahişiylə,

Baş əymədim qarnım üçün,

Doğulmuşam, ədaləti, haqq sözünü,

Hər addımda, hər səhnədə,

Hər obada, hər ölkədə demək üçün.


Doğulmadım insanların qanın soram zəli kimi,

Damarından çirkli qanlar axanların,

Sırasında durmaq üçün,

Doğulmuşam azadlığın bayraqdarı, carçısıtək,

Azadlıq aşiqlərinin sırasında durmaq üçün.


Doğulmadım baş əyəm mən,

Hoqqabaza, boşboğaza, ikiüzlüyə,

Şərəfsizə, müftəxora baş əyəm mən,

Doğulmuşam azadlığın tərəfdarı,

Olanların cərgəsində azad ölkə,

Azad dünya qurmaq üçün.


Doğulmadım vurub, yıxam,

Yeyib, içib, şişib, köpən,

Harınların cərgəsində durmaq üçün,

Doğulmuşam igid kimi, tikən, quran, yaradanlar,

Yaşayanlar cərgəsində durmaq üçün.


Seyid, şükür doğuldun sən polad kimi,

Məddahların sırasında dayanma sən,

Sən poladsan, əyiləndə qırılarsan,

Əyilmə sən, əyilməsən sən !

Sən poladsan əyilməzsən !


Çata-çat


Ellər köçdü, ölkə oldu viranə,

Azadlığı dost əlinə çata-çat,

Azad dövlət yaradana mərhaba,

Düşmən gəlib haray saldı, çata-çat.


Öz elini, ölkəsini satanlar,

Həzin-həzin, kölgələrdə yatanlar,

Ad-sanını, vicdanını satanlar,

Elin varın talan etdi, çata-çat.


Gör nə günə qaldı, millət ay aman,

Tülkü oldu aslan kimi can alan,

Düzgün əyri oldu, doğrular yalan,

Qorxaq, ürkək cəllad oldu, çata-çat.


Seyid bu dünya gör nə haldadır,

Yazıq millət, yenə qeyri-qaldadır,

Çətinlik bu eldə, bu mahaldadır,

Allah özü dada yetə, çata-çat.


Dünya


Əzəldən tamaşa yaranan dünya,

İlahi bəxş edən varına qurban.

On iki imama, bir peyqəmbərə,

Gözə görünməyən tanrına qurban.


İmamın əyalı ay gözəl minə,

Əzəldən örnəksən qıza-gəlinə,

Peyqəmbər övladı ismətli nənə,

İsmətinə qurban, arına qurban.


Həsən, Hüseyn tək balaların var,

Onlara qardaşdı Abbas Ələmdar,

İslamın yolunda şəhid oldular,

Seyid şəhidlərin yoluna qurban.


Xəlil Rza

(Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün xatirəsinə)


Ulu Türk şairi Xəlil Rza,

Dahisən, dahilər səfindəsən,

Cismən aramızda olmasan da sən,

Xəlil sevənlərin ürəyindəsən.


Mübariz şairsən, odsan, alovsan,

Əbədi məşəlsən, işıq saçırsan,

Xalqın azadlığı, gələcəyinə,

Şeir, sənətinlə yollar açırsan.


Səni qorxutmadı nə ölüm, nə qan,

Qollarında qandal, qaranlıq zindan,

Sən məğlub olmadın, qələbə çaldın,

Dağ kimi böyüdün, göyə ucaldın.


Yadından çıxmadı otuz yeddilər,

Azadlıq cənginin sərkərdələri,

Xalqı azadlığa səslədin ki sən,

Geriyə yol yoxdur, daim irəli.


Döyüşə göndərdin, öz Təbrizini,

“Cəsarətlə vuruş, ey əziz oğlum,

Vətən, vətən olmaz” soylədin ki sən,

Əgər vətən üçün tökülməzsə qan.


Əyilmək bilmədin, polad kimi sən,

Polad əyiləndə qırılar dedin,

Şüarın azadliq, dilində vətən,

Vətənə kəm baxan, kor olar dedin.


Döyüşdün, vuruşdun bir əsgər kimi,

Uymadın ağılsız, boş boğazlara,

Azadlıq yolunda daim ər kimi,

Yox dedin, eqoist hoqqabazlara.


Bütün kainatı yaratmış Allah,

Ona səcdə etmiş İbrahim Xəlilullah,

O cansız bütlərlə vuruşmuşdusa,

Sən canlı bütlərlə vuruşdun ancaq.


Seyid, Xəlilləri unutmayacaq,

Yerdə Xəlil Rza, göydə bir Allah,

Xəlil bir məşəldi, daim yanacaq,

Əbədi yaşardı Rza Xəlilullah.


Hərbi marş


Marş irəli, çəkilmə geri,

İgid əsgərlər, mərd hünərvərlər.

Mətin yerişlə, bərki döyüşdə,

Şanlı ordumuz !

Qəhrəman ordu !

Sən qoru yurdu !


Hər zaman, hər vaxt, döyüşdə sərvaxt,

Yerdə, havada, mavi səmada.

Dənizdə, çayda, hər gün, hər ayda,

Şanlı ordumuz !

Qəhrəman ordu !

Sən qoru yurdu!


Böyük hünərlə, qayıt zəfərlə,

Yurdun var olsun, bəxtiyar olsun.

Daim üstündə Allah yar olsun,

Şanlı ordumuz !

Qəhrəman ordu !

Sən qoru yurdu !


Mirseyid

(Nəvəm Mirseyidə)


Mənim ilk oğul nəvəm,

Ürəyimin parasısan, Mirseyid.

Arxamsan, köməyimsən,

Gözlərimin qarasısan, Mirseyid.


Həm günəşim, həm ayımsan,

Həm baharım, həm yayımsan,

Həm ilimsən, həm ayımsan,

Səbrim, qərarımsan, Mirseyid.


Həm aranım, həm dağımsan,

Həm bostanım, həm bağımsan,

Həm əlimdə yarağımsan,

Yanan çırağımsan, Mirseyid.


Həm çiçiçəyim, həm yazımsan,

Həm söhbətim, həm sazımsan,

Həm səsim, həm avazımsan,

Mərd oğul payımsan, Mirseyid.


Babanın söhbəti, sözü,

Nə deyərsə, deyər düzün,

Sənsən onun iki gözü,

Bəhərli bağımsan, Mirseyid.


Nəbim

(Nəvəm Nəbiyə)


Ömrün su kimi uzun olsun,

Arazım, Kürümsən Nəbim,

Arı balı şirin olur,

Sən baldan şirinsən, Nəbim.


Tur dağı tək ucalasan,

Haqq payından bac alasan,

Sağlam xoşbəxt qocalasan,

Çiçəyim, gülümsən, Nəbim.


Dostlar ilə keçsin zaman,


Düşmənlərə vermə aman,

Sağlam yaşa, varlı dolan,

Obamsan, elimsən, Nəbim.


Nəbi kimi qoçaq ol sən,

Qohum övladlar sevinsin,

Hər pis işdən uzaq ol sən,

Dostlar sənə alqış desin.


Baban sənə tərif desin,

Bacılara qardaş Nəbim.

Atanın arxa dayağı,

Anasına sirdaş Nəbim.


İman

(Nəvəm İmana)


Eşidən qulağım, düşüşnən beynim,


Damarımda axan qanımsan İman.


Adın müqəddəsdir, kamalın dərin,


Səndən ilham alıb yaşayıram mən,


Mənim sağlığımsan, canımsan İman.

Evimin dövləti, varı da sənsən,


Bağımın ən şirin barı da sənsən,


Alması, heyvası, narı da sənsən,


Mənim soyadımsan, sanımsan İman.

Babanın ürəyi, ciyər parası,


Gözümün işığı, ağı, qarası,


İmam övladısan, Seyid balası,


Mənim sultanımsan, xanımsan İman.

Allahdan istəyim, arzum, diləyim,


Sənin toyunacan yaşayam gərək,


Səninlə döyünür nəbzim, ürəyim,


Toyunda qol açıb oynayam gərək.

Baban arzuların səninlə bölə,


Səninlə oynaya, səninlə gülə,


Sənin toyunacan yaşaya bilsəm,


Əlimi həna ilə boyayım gərək.


Toyunuz mübarək

(Nəvəm Elnurəyə)


Sizin bu toy axşamı,


Dostlar yandırsın şamı,


Vağzalı havasına,


Hamı oynasın gərək,


Hamı bir səslə desin,


Pərviz toyun mübarək!


Elnurə toyun mübarək!

Süzülsün qədəhlərə,


Şirin şərbət badamı,


Bu toyun şərəfinə,


Şirinlik içək gərək,


Hamı bir səslə desin,


Pərviz toyun mübarək!


Elnurə toyun mübarək!

Süfrələri bəzəsin,


Şirin, ləzis yeməklər,


Bismillahla başlasın,


Sağlıq desinlər gərək,


Hamı bir səslə desin,


Pərviz toyun mübarək!


Elnurə toyun mübarək!

Haqdan gəlsin payınız,


Şirin bir sevinc ilə,


Keçsin hər bir iliniz,


Keçsin hər bir ayınız.


Ata, ana qohumlar,


Sevinsin, gülsün gərək,


Hamı bir səslə desin,


Pərviz toyun mübarək!


Elnurə toyun mübarək!

Baban ürək sözlərin,


Arzu, dilək sözlərin,


Bu toya desin gərək,


Hamı bir səslə desin,


Pərviz toyun mübarək!


Elnurə toyun mübarək!


Pərim

(Nəvəm Pəriyə)


Ellər gözəlisən, sular sonası,

İlahi bəxs edib haradan, Pərim,

Nə gözəl yaradib, yaradan səni,

Babanın bacısı, həm nəvəsisən.


Muqəddəs adlari yaşadan Pərim,

İlahi bəxş edib haradan Pərim,

Nə gözəl yaradıb, yaradan səni,

Baharın ən gozəl çiçəyi, Pərim.


Evimin gözəli, göyçəyi Pərim,

Babanın arzusu, diləyi Pərim,

İlahi bəxş edib haradan Pərim,

Nə gözəl yaradıb, yaradan səni.


Evimin dövləti varı da sənsən,

Bağımın ən şirin barı da sənsən,

Alması, heyvası, narı da sənsən,

İlahi bəxş edib haradan Pərim,


Nə gözəl yaradıb, yaradan səni.


Babanın ürəyi, ciyər parası,

Gözünün işığı, ağı-qarası,

İmam övladısan, seyid balası,

İlahi bəxş edib haradan Pərim,

Nə gözəl yaradıb, yaradan səni.


İmanım

(Nəvəm İmana)


Oğlum, nəvəm, İmanım,

Dilimin əzbərisən, ürəyimdə gumanım.


Ay gözümün isığı, ömrümün yarasiğı,

Sən kölgəli ağac ol, kölgəndə mən dayanım.


Ay mənim nurlu balam, kişi qürurlu balam,

Sən nurlu bir günəs ol, nuruna mən boyanım.


Ay mənim qəşəng balam, açılan çiçək balam,

Sən işıqli səhər ol, işığına oyanım.


Ay mənim barlı bağım, haqdan yanan çırağım,

Möhtəşəm bir dağ ol sən, ətrafında dolanım.


Gərəkli bir adam ol, vətəninə, xalqına,

Səninlə fəxr eləyim, başına mən dolanım.


Arzum budur, böyü sən, dolan eli, obanı,

Ziyarət et əmini, ziyarət et babanı, həm qohum, əqrabanı.


Bəxtəvər


Geyinib, bəzənib qarşıma çıxdı,

Duruşundan bir maraldı bəxtəvər,

Ədasından salamımı almadı,

Elə bildim tamam laldı bəxtəvər.


Barmağında üzük, qulaqda sırğa,

Qızıl pul düzübdü papaqqabağa,

Zərxəra geyinib başdan ayağa,

Gör nə qədər cah-cəlaldı bəxtəvər.


Asta-asta, narın-narın gəzəndə,

Qaş altından ala gözün süzəndə,

Bal dodağa şəkər sözü düzəndə,

Hiss elədim pür-kamaldı bəxtəvər.


Bir ulduzdu xəbər verir sabahdan,

Elə bil çıraqdır, yanıbdır haqdan,

Danışanda bal süzülür dodaqdan,

Sərimi sevdaya saldı bəxtəvər.


Söz deyəndə yanaqları qızarır,

Allahın nuru tək alışıb, yanır,

Mətləbimi düz eşidir, düz qanır,

Necə gözəl əhli-haldı bəxtəvər.


Mətləbimi andı, dərdimi bildi,

Başını buladı, məcazi güldü,

Gecikmisən özgə malıyam dedi,

Seyidi odlara saldı bəxtəvər.


Gülə-gülə


Nazı-qəmzələrin canımı aldı,

Sinəmdən oxladın ay, gülə-gülə,

Nurlu səhərlərin dan ulduzusan,

Hüsnünə heyrandır ay, gülə-gülə.


Nazik əllər, mina gərdan, ay qabaq,

İltimas eylərəm bir dön bəri bax,

Hürüsən, qılmansan ay mələk sayaq,

Süz gətir əlində çay, gülə-gülə.


Xoş gəlmisən xoş məqamda dünyaya,

Bir nöqsan yox haqq göndərən bu paya,

Lalə yanaq, billur buxaq, ağ maya,

İlahi bəxş edib pay, gülə-gülə.


Gərdişi dövrandır, gəlib keçəcək,

Fələk zəmisini əkib biçəcək,

Yaxşıpis gün bir-birgəlib keçəcək,

Keçdiyin günləri say, gülə-gülə.


Seyid dəryalardan bir damla alır,

Ömür keçir, günlərimiz azalır,

Allah bilir, sanlı gündən nə qalır,

Axirət səsləyir hey, gülə-gülə.


Könlüm


Könlüm quşu uçub gedir,

İllər kimi, aylar kimi,

Gah lal-dinməz, gah şaqqıldar,

Coşub-daşan çaylar kimi.


Soyuğunda donub qalar,

İstisində pərvazlanar,

Kədərdən od tutub yanar,

İsti keçən yaylar kimi.


Peşəməngül


Erkən baş qaldıran barlı çiçəksən,

Bahar müjdəçisi, ay peşəməngül.

Səndən bal da çəkir arı, biləsən,

Bahar müjdəçisi, ay peşəməngül.


Qar altda boy atıb düyməliyrsən,

Sanki o ağ qarı didib, yeyirsən,

Bu soyuq qonağa çıx get deyirsən,

Bahar müjdəçisi, ay peşəməngül.


Qar da səndən qorxub, çəkilib dağa,

Əriyib su olub, dönür bulağa,

Əlvida deyirsən bu ağ qonağa,

Bahar müjdəçisi, ay peşəməngül.


Əlvan çiçəyinlə meşələr dolur,

Heyif ki, ömürün çox qısa olur,

Bir də görürsənki saralıb, solur,

Bahar müjdəçisi, ay peşəməngül.


Sonra estafeti verib nərgizə,

Muncuq toxumunu səpirsən düzə,

Bir də gələn yazda sənlə üz-üzə,

Bahar müjdəçisi, ay peşəməngül.


Seyid seyr etməyə hər gələn yazı,

Qəlbindən keçirir min dəfə azı,

Sənsən onun üçün çiçəklər nazı,

Bahar müjdəçisi, ay peşəməngül.


Oynasın


Toy evinə gəlsin dostlar, qohumlar,

Çəpik vurun, qoca, cavan oynasın,

Alqış sədasıyla məclis canlansın,

Bir birinə dost mehriban oynasın.


Bəylə gəlin gətirilsin məclisə,

Toy məclisi qismət olsun hər kəsə,

Əgər toyda kim oynamaq istəsə,

Utanmasın, gülə-gülə oynasın.


Aşbazımız hazırlasın xörəyi,

Xidmətçiyə qalsın masa bəzəyi,

Bismillahla başlasınlar yeməyi,

Əldə xonça, öndə duran oynasın.


Masabəyi bəzək versin məclisə,

Tar, kaman, saz qarışsınlar səs-səsə,

Xanəndə ruhlanıb gəlsin həvəsə,

Oxuduqca bala-bala oynasın.


Söz deyənlər dəvət olsun araya,

Ürək sözlərini desinlər toya,

Musiqiçi hava çalsın qonağa,

Hər havanı çala-çala oynasın.


Bəylə gəlin çağırılsın oyuna,

Alqış alqış üstə gəlsin toyuna,

Bir oynayan, bir də girsin oyuna,

Fürsət düşüb, dönə-dönə oynasın.


Seyid sözlərini deyir birbəbir,

Talehlərin versin mövlanı-qədir.

Toy xətasız keçsin, arzum belədir,

Qol götürsün baba, nənə oynasın.


İnsan ömrü


İnsan ömrü bir yaşında,

Çişək açıb çiçəklənir,

On beşində cavanlaşır,

Gözəlləşir, göyçəkləşir.


Otuzunda igidləşir,

Cəsurlaşır say seçilir,

Qırx yaşında tamamlanır,

Kamilləşir, püxtələşir.


Əllisində üz ağarır,

Saclarına qrov düşür,

Atmışında yaşı ötür,

Qocalıq təbilin çalır,


Yetmişində diş tökülür,

Ovurt batır, üz qırışır,

Səksənində ağıl köçür,

Söz tükənir, huş azalır.


Doxsanında heydən düşür,

Qulaq batır, gözlərinə duman çökür,

Yüz yaşında bu dünyanı tərk eləyir,

Axirət evini tikir.


Seyid, bax beləcə bir ömürdən,

Neçə-neçə şaxtalı qış,

Gül-çiçəkli bahar keçir,

Zaman-zaman insan ömrü,

Röyalartək yada düşür.....